Şəmkirdə mağaza oğruları ələ keçdi
Noyabrın 10-dan 11-nə keçən gecə Şəmkir rayonunun Dəllər qəsəbəsində Ramin Hüseynova məxsus avtomobil ehtiyat hissələri mağazasında oğurluq hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, naməlum şəxslər mağazanın dam örtüyündən içəri daxil olaraq ümumi dəyəri 3 min manat olan avadanlıqları oğurlayıblar.
Zərərçəkənin atası Tahir Hüseynov deyib ki, oğrular əllərinə keçəni götürüblər: “Əsasən motor yağlarını, açar bloklarını və digər əşyaları götürüblər”.
Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları qısa müddət ərzində oğurluğun üstünü aça bilib. Müstəntiq Aysel Həsənovanın sözlərinə görə, müəyyən edilib ki, Ramin Hüseynova məxsus mağazaya daxil olan şəxslər Gürcüstan vətəndaşı, 33 yaşlı Rəşad Əliyev və Dəllər qəsəbə sakini, 21 yaşlı Əli Yusifovdur: “Onlar müəyyən edilərək maddi sübutlarla birlikdə istintaq bölməsinə təqdim olunub”.
Rəşad Əliyev ilkin ifadəsi zamanı Gürcüstandan Şəmkirə işləmək məqsədilə gəldiyini və sonradan sərfəli gəlir yolu kimi oğurluğu seçdiyini deyib. O, oğurluq zamanı qarşılaşdıqları problemlərdən də danışıb: “Öz aramızda razılaşdıq və evdən qapını açmaq üçün alət götürüb getdik. Kilidi qıra bilmədiyimizdən, dam örtüyündən içəri daxil oduq”.
Onun cinayət ortağı Əli Yusifov isə oğurluqdan sonra səhvini başa düşdüyünü və payına düşən ehtiyat hissələrini yol kənarına atdığını deyib: “Dəqiq saya bilmədik nə qədər əşya götürmüşük. Demək olar ki, hər cür ehtiyat hissələri var idi. Mən öz payıma düşəni gecə ilə öz maşınımıza qoyub, Qanlı Qobu deyilən əraziyə aparıb tökdüm”.
Hər iki şəxs barəsində Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş açılıb. İstintaq aparılır.