İsgəndər Cavadovun 25 yaşlı oğlu vəfat edib

Regional Futbol Federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun oğlu Sübhan Cavadov 25 yaşında dünyasını dəyişib. Lənkəranda ezamiyyətdə olan Sübhan  Cavadov bu səhər yuxudan oyanmayıb. İlkin ehtimallara görə, onun ürək tutmasından dünyasını dəyişdiyi güman edilir. Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev isə bildirib ki, Sübhan Cavadov ötən gün AFFA-da çalışan iş yoldaşları ilə birgə Lənkəranda ezamiyyətdə olub. Onlar gündüz işlərini gördükdən sonra axşam yemək yeyiblər və öz otaqlarına dağılışıblar. Səhər vaxtı isə S. Cavadovu görməyiblər. Ona nə qədər zəng etsələr də, cavab verilməyib. Bundan sonra yoldaşları otağı açdıqda Sübhan Cavadovu yatağında ölü halda aşkarlayıblar. APA TV-nin məlumatına görə, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da xəbəri təsdiqləyib, mərhumun valideynləri ilə birlikdə Lənkərana getdiklərini deyib.

 

Lənkəran rayon Prokurorluğundan verilən məlumata görə, Sübhan  Cavadovun meyiti “Qala” otelində yataqdan tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı ekspertiza təyin edilib, araşdırma gedir.

 

Qeyd edək ki, 25 yaşlı Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

 

Müəllif | Apa.Tv