Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Uşaq həftəsi” aksiyası keçirilir

Noyabrın 20-dən Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.

 

Ürək-damar cərrahı Rəşad Mahmudovun APA TV-yə verdiyi məlumata görə, Ümumdünya Uşaq günü münasibətilə keçirilən aksiya ərəfəsində yerli və xarici (İtaliyanın Milan şəhərinin San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən anadangəlmə ürək qüsurundan əziyyət çəkən 200-dən çox xəstənin müayinə və müalicələrinin həyata keçirilməsi planlaşdırılır: “Azərbaycan səhiyyəsi üçün qürurverici hadisə budur ki, ilk dəfə olaraq çox kiçik körpələr üzərində əməliyyat aparıldı. Daha əvvəl üç günlük, beş günlük əməliyyatlar aparılmışdı. Amma bu dəfə 26 həftəlik doğulmuş, çəkisi 1,2 kiloqram olan körpə üzərində ürək əməliyyatı aparıldı və uğurla başa çatdı. Bu, ölkəmiz üçün də, dünya səhiyyəsi üçün də çox nadir hadisələrdəndir”.  

 

R.Mahmudov qeyd edib ki, 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti ilə həyata keçiriləcək.

 

İtaliyalı professor Alessandro Giamberti isə Azərbaycana 2005-ci ildən etibarən hər il gəldiyini bildirib: “Hər dəfə gələndə gözlə görünən yenilik və inkişafla rastlaşıram. Bu, həmçinin səhiyyə sahəsində də müşahidə olunur. Avropada yüz il ərzində tibbdə həll olunmayan problemlər ölkənizdə qısa müddətdə öz həllini tapır. Əminliklə deyə bilərəm ki, artıq səhiyyənizin əldə etdiyi nailiyyətlər və yüksək standartlar son illərdə tənəzzülün hiss olunduğu bir çox Avropa ölkəsinə nümunə ola bilər”.

 

Qeyd edək ki, “Uşaq həftəsi” çərçivəsində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən hazırlanmış “Ürəklər susmasın” adlı sosial videoçarx müxtəlif televiziya kanallarında nümayiş olunacaq. Bu videoçarxın əsas məqsədi ölkə, eləcə də dünya ictimaiyyətinin diqqətini anadangəlmə ürək xəstəliklərinə cəlb etməkdir.

Müəllif | Apa.Tv
Apa.tv