Oğurluq edib qaçdı, qarşısına çıxan qonşunu bıçaqladı

Yevlaxda 4 nəfərdən ibarət silahlı dəstə zərərsizləşdirilib. Yevlax Rayon Polis Şöbəsinin apardığı əməliyyat tədbirləri zamanı Elgün Vaqif oğlu Cəfərzadə, Çingiz İsgəndər oğlu Mahmudov, Nadir İsaxan oğlu Babayev və Elvin Şahin oğlu Şahverdiyev şübhəli şəxs qismində saxlanılıblar.

 

Polis şöbəsindən APA TV-yə verilən məlumata görə, ilkin dindirmə zamanı dəstə üzvləri noyabrın 18-də rayonun Ş.İ.Xətai küçəsindəki 16 saylı evdə yaşayan Bayramova Nazlı Ərşad qızına qarşı soyğunçuluq törətdiklərini etiraf ediblər. Onlar bildiriblər ki, evə daxil olan zaman kənardan diqqət çəkməmək üçün küçədən keçən elektrik xətlərini kəsiblər. Daha sonra içəri daxil olan qrup üzvləri evdə tək yaşayan Nazlı Bayramovanın əl-ayağını bağlayaraq, ondan qızıl və pul tələb ediblər. Ev sahibi qışqırıb köməyə adam çağırmaq istədikdə isə onun ağzını yapışqan lentlə bağlayıblar. Bundan sonra dəstə üzvləri evdən 800 manat nəğd pul və müxtəlif məbləğdə qızıl-zinət əşyaları aparıblar.

 

Hadisədən dərhal sonra dəstə üzvlərindən biri - Elgün Cəfərzadə evin hasarından tullanıb qaçarkən, həmin evin qonşuluğunda yaşayan Ruslan Abdullayev adlı şəxslə qarşılaşıb. Elgün əlindəki bıçaqla ona yaxınlaşan Ruslanın qarın nahiyəsindən bir bıçaq zərbəsi vuraraq qaçıb.

 

Hazırda şübhəli şəxs qismində saxlanılan dəstə üzvlərinin digər cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.   

Müəllif | Apa.Tv
Apa.tv