Bakıda transformator yandı: bir neçə bina işıqsız qaldı
Bakıda bir neçə binanı elektrik enerjisi ilə təmin edən 10 kv-luq transformatorda yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Gəncə prospektində qeydə alınıb.
Yanğın transformatorun yerləşdiyi tikilinin dam örtüyündən başlayıb. Dam örtüyü tez alışan materialdan olduğundan güclü alov qalxıb.
Hadisə yerinə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının qarşısı alınıb. Ümumi sahəsi 117 kv. m olan tikilinin dam örtüyü yanıb, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Təhlükəsizlik məqsədilə ətrafdakı yaşayış binalarına elektrik enerjisinin verilməsi dayandırılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, güclü yanğın baş verməyib: "Ümumiyyətlə, transformatorda yanğın olmayıb. Yanğın çardaqda baş verib. Ora nəsə atıblar. Çardaqda alışma olub və bizim əməkdaşlar tez qarşısını alıblar. Hətta əlləri ilə söndürüblər. Hazırda bütün mənzillərdə enerji təchizatı var. Qısa müddət ərzində digər xətlərdən enerji təchizatı oldu. Yaxın bir neçə saatda heç bir yerdə problem qalmayacaq".
Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Dərhal yanğının nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb və təxminən iki saat sonra transformator yenidən işə salınıb, binalara elektrik enerjisinin verilməsi bərpa edilib.