Fransa İŞİD-in İraqdakı mövqelərini bombaladı - İLK DƏFƏ
Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib.
APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pyer de Vilye bəyan edib.
"Şarl de Qoll" aviadaşıyıcı laynerindən havalanan qırıcılar İŞİD-in Suriyadakı mövqelərinə də bir neçə zərbə endirib. Bundan əvvəl fransız komandanlığı rusiyalı hərbçilərlə əlaqəyə giriblər. Məqsəd arzuolunmaz toqquşmalardan sığortalanmaq olub.
“İŞİD-in Ramadi və Mosul şəhərlərindəki mövqelərinə zərbələr endirilib. Bu, yerli quru qüvvələrinin dəstəyi ilə baş tutub”, - deyə general de Vilye bildirib.
Rusiyanın Suriya Ərəb Respublikasındakı aviasiya qruplaşmasının komandanı Aleksandr Maksimtsev də məsələyə münasibət bildirib: "Sabah terrorçulara qarşı mübarizə istiqamətində təhlükəsizlik məsələləri ilə bağlı işçi qrupların görüşü olacaq. Biz İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatlarında birgə səyləri də müzakirə edəcəyik. Biz belə bir təcrübəni hələ II Dünya Müharibəsi zamanı qazanmışıq".
Prezident Fransua Olland isə bundan əvvəl bildirib ki, Fransa İŞİD-in Suriyadakı mövqelərinə endirilən zərbələrin sayını artıracaq.