Ağırlıqqaldıranımız dünya çempionu oldu
Ağırlıqqaldırma üzrə Azərbaycan yığması ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, Boyanka Kostova fəxri kürsüyə yüksəlib. 58 kq çəki dərəcəsində çıxış edən milliləşdirilmiş legionerimiz dünya çempionu tituluna yiyələnib.
Birdən hərəkətində ilk cəhdini boşa verən Boyanka üçüncü cəhdində 112 kiloqram qaldırmaqla yeni dünya rekordu vurub. Təkanla qaldırma hərəkətinə də Kostova uğurla başlayıb. Öncə 136 kq-ı başı üzərinə qaldıran ağırlıqqaldıranımız bununla növbəti rekordu yeniləyib.
Beləliklə Boyanka Kostova qadın idmançılarımız arasında ilk dünya çempionu adını qazanıb. Boyanka bununla yanaşı, 2 dünya və 4 Avropa rekordunu da adına yazıb.
Noyabrın 28-dək davam edəcək yarışda daha 7 idmançımız podiuma çıxacaq.
Qeyd edək ki, ağır atletika tariximizdə indiyədək 1 dünya çempionumuz var. Bu da hazırda millinin məşqçilər korpusunda yer alan Nizami Paşayevdir. O, 2002-ci və 2005-ci illərdə mundialda bütün rəqiblərini qabaqlamışdı.