Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədi

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq 2015-ci il noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələsinə baxılıb.

 

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Kamran Şəfiyev Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

 

Hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 23 şikayət təqdim edilib, 19 şikayət aidiyyəti üzrə göndərilib, 4 şikayət üzrə isə qanunvericiliyin tələbləri izah edilib.

 

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar 1823 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1753 nəfərə imza vərəqi verilib, 1457 nəfər imza vərəqini qaytarıb, 1247 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onların bir qismi sonradan deputatlığa namizədliyini geri götürüb və 767 nəfərin adı protokola daxil edilib. Seçkiləri 40 beynəlxalq təşkilatdan 57 ölkənin vətəndaşı olan 503 beynəlxalq müşahidəçi, 27 beynəlxalq KİV-dən 42 nəfər, 66 minə yaxın yerli müşahidəçi izləyib. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. Seçkidə 15 siyasi partiya və 7 partiyanın bir araya gəldiyi “Azadlıq-2015” siyasi partiyalar bloku iştirak edib. Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 55,54 faiz olub.

 

MSK noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsinin hamısında seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.

 

Keçirilən dinləmələrdən sonra iclasda fasilə elan edilib və hakimlər Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb və qərar qəbul etmək üçün müşavirə otağına gediblər. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı