Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçildi
Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədrinin seçkisi olub.
APA TV-nin məlumatına görə, parlament sədrliyinə Oqtay Əsədovun namizədliyi verilib. Onun namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.
Oqtay Əsədov gizli səsvermə ilə yenidən MM-in sədri seçilib.
Sonra Milli Məclis sədrinin müavinləri seçilib. Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçiliblər.
İclasda Milli Məclis komitələrinin sədrləri də seçiliblər. Deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov Aqrar siyasət komitəsinin, Hadi Rəcəbli Əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə Regional məsələlər komitəsinin, İsa Həbibbəyli Elm və təhsil komitəsinin, Rafael Hüseynov Mədəniyyət komitəsinin, Bahar Muradova İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov yeni yaradılan Səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov İctimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.