Balakəndə qəzaya uğrayan maşın piyadanı vurdu

Balakəndə baş verən yol qəzasında biri piyada olmaqla iki nəfər xəsarət alıb.

 

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin yerli bürosuna verilən məlumata görə, noyabrın 23-də saat 15:30 radələrində rayonun Hənifə kənd sakini, 1956-cı il təvəllüdlü Gülbahar Hənəfi qızı Şabanova və Qazma kənd sakini Samir Sahib oğlu Məmmədov xəstəxanaya daxil olublar.


59 yaşlı Gülbahar Şabanovaya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və sol budun sınığı, 23 yaşlı Samir Məmmədova isə qapalı kəllə-beyin silkələnməsi, boyunun, burunun və alının əziyi diaqnozu qoyulub, müalicələri xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir.

 
Hadisə şahidlərinin APA TV-yə verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan Samir Məmmədov idarə etdiyi “VAZ-2107” markalı, 63 BB 424 dövlət nömrə nişanlı avtomobillə Hənifə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək maşını qarşısında hərəkətdə olan Hənifə kənd sakini Elşən Qazıbəy oğlu Ağayevin idarə etdiyi “VAZ-2106” markalı 08 BA 839 dövlət nömrə nişanlı avtomobilə vurub. Qəzadan sonra Elşən Ağayevə məxsus "VAZ-2106" markalı avtomobil yolun kənarında dayanan piyada Gülbahar Şabanovaya dəyib.


Balakən Rayon Polis Şöbəsinin növbətçi hissəsi hadisə ilə bağlı onlarda heç bir məlumatın olmadığını əsas gətirərək, məlumat verməkdən imtina ediblər.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov