Allahverdi Pələngovun oğlu atası ilə görüşmək üçün Ermənistana gedib

Avqustun 17-də erməni sərhədçilər tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngovun oğlu sentyabrın 19-da İrəvana gedib. Onu İrəvanda Ermənistan prezidentliyinə keçmiş namizəd, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan və Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan qarşılayıb. Bu barədə APA-nın Gürcüstan müxbirinə Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev məlumat verib. O bildirib ki, Allahverdi Pələngovun oğlu Kənan Pələngovu İrəvanda yaxşı qarşılayıblar. Ona atası ilə görüş üçün icazə alınıb. Kənan atası ilə görüşüb, ona yemək və paltar verib. O, qeyd edib ki, Allahverdi Pələngovun durumu yaxşıdır və təcridxanada 3 erməni ilə birlikdə saxlanılır, kamerada saxlanılanlarla münasibəti normaldır.

 

Sabir Mehdiyev qeyd edib ki, Kənan Pələngov atası ilə görüşdükdən sonra həmin gün geri qayıdıb. Onun sözlərinə görə, gələn ay Allahverdi Pələngovun məhkəməsi olacaq.

 

Qeyd edək ki, A. Pələngov Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır və “sərhədi qanunsuz keçmək”də ittiham edilir.

Müəllif | Apa.Tv