Səlim Müslümov: "Azərbaycanda aclıq məfhumu ortadan götürülüb"
“Oktyabrın 1-ə olan statistikaya görə, 115 min ailə ünvanlı sosial yardım alıb. Noyabrın ayının 1-ə isə bu rəqəm 112 min ailəni əhatə edir. 112 min ailənin təqribən 489 min nəfər üzvü yardımdan yararlanır”.
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, bir ailəyə düşən orta aylıq məbləğ 155 manata yaxınlaşır: “Bu böyük rəqəmdir. Bu gün Azərbaycanda kasıb, aztəminatlı ailələrin dövlət hesabına bu yardımlarla təmin olunması Azərbaycan vətəndaşlarının BMT-nin müəyyən etdiyi kriteriyalar üzrə müəyyənləşdirilən yoxsulluq və ifrat yoxsulluq dərəcəsindən tamamilə çıxarılmasına xidmət edir. Çox şükürlər olsun ki, bu gün Azərbaycan cəmiyyətində aclıq məfhumu, ümumiyyətlə, ortadan götürülüb. Ünvanlı sosial yardımın verilmə müddəti artıq iki ilə qaldırılıb. Bu, imkan verəcək ki, gələn ilin aprelin 1-dən sonra ünvanlı sosial yardım üçün müraciət edəcək ailələrin sayı iki dəfədən çox azalsın”.
Nazir bildirib ki, internat məktəbləri qurtarmış kimsəsiz məzunların keçən həftədən başlayaraq Masazır qəsəbəsində 120 mənzilli ilk 13 mərtəbəli binada yerləşdirilməsinə başlanılıb: "Artıq 90 nəfərdən artıq internat məktəbləri bitirmiş kimsəsiz, hər iki valideynindən məhrum olmuş məzunlar ora yerləşdirilib. Proses davam edir. Onun yanında daha iki belə binanın tikilməsi nəzərdə tutulur. 5-6 mərtəbəsinin tikintisi gedir".
Nazir qeyd edib ki, şəhid ailələri üçün ölkənin bütün rayonlarda 375 fərdi evin tikintisi həyata keçirilir, bunun 56-sı artıq təhvil verilib. Bu yaxınlarda Bakıda 142-yə yaxın mənzilin təhvil veriləcəyi gözlənilir. Dekabr ayında isə gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın da istifadəyə verilməsi nəzərdə tutulur.