Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi başladı

Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir.

 

APA TV-nin xəbərinə görə, sərgidə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın 760-dan çox əl işi nümayiş olunur.

 

Sərgi-müsabiqənin açılışında hökumət və qeyri-hökumət təşkilatlarının, əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu gün ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlər, eləcə də hazırkı sərgi-müsabiqə bu insanların cəmiyyətin həyatında bərabər iştirak imkanlarının, onların cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılmasına, istedadlarının aşkara çıxarılmasına və dəstəklənməsinə yönəlib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə bildirib ki, sərgi-müsabiqənin təşkilinin əlillərin öz istedadları müqabilində ictimai-mədəni həyatda iştirak imkanlarına malik olmalarına, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsinə hesablanıb.

 

Sərgi-müsabiqədə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə 762 əl işi nümayiş etdirilir.

 

Qeyd edək ki, Sərgi-müsabiqə noyabrın 26-dək davam edəcək. Tədbirdə nümayiş olunan əsərlərin obyektiv qiymətləndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti də təşkil olunub. Tədbirin yekununda müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar təqdim olunacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova