Bakıda "Afrika şiri" satan şəxs həbs edildi

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bəxtiyar adlı şəxsin Çin Xalq Respublikası və İran İslam Respublikasından gizli yollarla gətirdiyi mənşəyi məlum olmayan psixotrop tərkibli, insan orqanizminə ciddi zərər vuran dərman preparatlarının satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Əliyev müxtəlif adda 15650 ədəd həb formasında olan dərman preparatlarını 10000 manata satarkən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 4500 ədəd eyni tərkibli həb aşkar olunaraq götürülüb. "Afrika şiri", "Herakl" və onlarla belə həblər Çin təbabəti əsasında hazırlanan potensiya aktivatorudur. Stress, əsəbilik, nevrostraniya hallarını aradan qaldırmağa da kömək edir. 

 

Saxlanılan Bəxtiyar Əliyev dərmanları necə əldə etməsindən danışıb: "Getmişdim Çinə, eşitdim ki, dərman preparatları Azərbaycanda bahadır, orda ucuz. Bir İran vətəndaşı vardı, tanış olduq. Gördüm dərmanlar 1 manat 50 qəpikdir, aldım. Dedim, keçirə bilərsən? Dedi, hə. Gəldik bura, 4000 dolar verdim İran vətəndaşına, getdim götürdüm".

 

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv