Azərbaycan prezidenti: “Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib”
“V çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə sizi təbrik edirəm. Noyabrın 1-də keçirilən seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib, bunu beynəlxalq müşahidəçilər də təsdiq edib”.
APA TV-nin məlumatına görə, noyabrın 24-də V çağırış Milli Məclisin ilk iclası öz işinə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib. Azərbaycan prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk sessiyasında iştirak edib.
Dövlət başçısı bildirib ki, bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb: “Azərbaycan demokratiyaya sadiqdir və ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Son illər ölkədə gedən inkişaf prosesləri bu seçkinin nəticələrinə də mühüm təsir göstərib”.
Prezident İlham Əliyev Azərbaycanın özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarında olmasına da diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, dünyada vəziyyət, güclər nisbəti dəyişir: “Azərbaycanda isə təhlükəsizlik təmin edilir. Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır. Azərbaycan müstəqillik yolu ilə uğurla gedir”.
Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur: “Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”.
Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik səmərə vermir: “Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir”.
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir: “Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından sistem xarakterli islahatlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir.