Mədəniyyət xadimlərinə döş nişanları təqdim edildi
Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunan sənətçilərlə görüş keçirildi. APA TV-nin məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, bu nişan Nazirliyin daxilində təsis olunan fəxri mükafatdır.
Nazir müavini qeyd etdi ki, son illərdə dövlət səviyyəsində teatr haqqında qanunlar qəbul edilib, islahatlar aparılıb. "Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrları əsaslı təmir olundu. Sumqayıt, Mingəçevir şəhərlərində teatrlar ən müasir tələblərə cavab verən səviyyədə istifadəyə verildi. Nazirliyin daxili imkanları əsasında "Yuğ" və "Pontomim" teatrları təmir edildi.
Daha sonra Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə əlaqədar 67 nəfər mədəniyyət xadiminə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təqdim edildi.
Nazir müavini əlavə etdi ki, Azərbaycan teatrları son 10 il ərzində dünyanın 50 ölkəsində 178 qastrol səfərlərində olub.