"Bu hadisə həm gözlənilən, həm də gözlənilməyən idi" - APA TV-nin MOSKVA VƏ ANKARA MÜXBİRLƏRİ

"Bu hadisə terrorçuluğa qarşı mübarizə çərçivəsində baş verib. Bizim bugünkü itkimiz terrorçuların yardımçıları tərəfindən bizə arxadan vurulan zərbədir".

 

APA TV-nin Moskva müxbiri  Fərid Əkbərovun məlumatına görə, bu fikirləri Vladimir Putin Soçidə İordaniya kralı II Abdullahla görüşdə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurulmasına münasibət bildirərkən deyib.

 

Putin təyyarənin Türkiyəyə məxsus “F-16” təyyarəsi tərəfindən vurulduğunu bəyan edib:  “Təyyarəmiz Türkiyənin “F-16” təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. 6 min metr hündürlükdə, Türkiyə sərhədindən 1 km aralıda olarkən ona qarşı hücum olub. Bütün hallarda bizim qırıcı təyyarəmiz Türkiyə üçün təhlükə törətməyib. Bu, aydın olan məsələdir”.

 

Putin həmçinin bildirib ki, bu hadisə Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir edəcək. Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə gözlənilən sabahkı səfərinin də ləğv edilə biləcəyi ehtimal olunur.

 

APA TV-nin Ankara müxbiri Mayis Əlizadə isə deyib ki, Türkiyə ilk dəfədir təyyarəni vurduğunu açıqca elan edirdi: "Bu, beynəlxalq münasibətlərdə çox az-az rast gəlinən hadisədir. Suriya məsələsinə görə Rusiya ilə Türkiyənin münasibətləri ilk dəfə idi ki, bu qədər ciddiləşirdi. Rusiyanın 30 sentyabrdan sonra bölgəyə böyük miqdarda hərbi güc gətirməsi Türkiyəni narahat edirdi. Türkiyə bu mənada əli-qolu bağlı vəziyyətdə idi. Yalnız Moskvadakı və Ankaradakı səfirlər vasitəsilə bu məsələyə təsir edə bilirdi. Türkiyənin bu hərəkəti həm gözlənilən, həm də gözlənilməyən idi".

 

Mayis Əlizadənin sözlərinə görə, Türkiyədə bəzi mütəxəssislər Rusiyanın hadisəni unutmayacağını bildirir. Eyni zamanda burda ABŞ-ın əlinin olduğu qeyd olunur: "Dekabr ayında Ərdoğanın Rusiyaya səfəri var. Bu, çox çətinliklə əldə olunmuş səfər razılaşması idi. Lavrovla Ərdoğanın səfərləri ləğv olunmayacağı təqdirdə, iki ölkə arasında yumşalma baş verə bilər".

Müəllif | Apa.Tv
Apa.tv