Obama: "Türkiyə hava məkanını qorumaq hüququna malikdir"
ABŞ prezidenti Türkiyə və Rusiya arasında yaranmış gərginliyə münasibət bildirib.
APA TV-nin məlumatına görə, Vaşinqtonda Fransa prezidenti Fransua Ollandla birgə keçirdiyi mətbuat konfransında Obama deyib ki, Ağ Ev Rusiya bombardmançısının vurulması ilə bağlı ətraflı məlumat əldə etməyə çalışır: "Hər bir ölkə kimi Türkiyə də torpağını və hava məkanını qorumaq hüququna malikdir. İndi önəmli olan həm türklər, həm də rusların bir-biri ilə danışması, hadisənin necə baş verdiyini aydınlaşdırması və gərginliyin artmasına yol verməmək üçün tədbirlər görməsidir".
Barak Obama hesab edir ki, baş verənlərdə Rusiyanın hərbi əməliyyatlarının Türkiyə sərhədləri yaxınlığında keçirilməsi və təkcə Türkiyə yox, başqa ölkələr tərəfindən də dəstəklənən mötədil müxalifəti hədəfə almasının da rolu var: "Rusiya qüvvəsini İŞİD-ə qarşı yönəltsəydi, bəzi dolaşıq yanlışlıqların və gərginliyin yaranması ehtimalı da az olardı. Əgər məqsədləri gələcəkdə Suriya hökumətinin üzvü olacaq loyal müxalifətçilərə hücum etməkdirsə, Rusiya bizim, yaxud koalisiya üzvlərinin dəstəyini ala bilməyəcək".
Fransa prezidenti isə bildirib ki, çox böyük zərərlər verə biləcək gərginliyin qarşısı alınmalıdır.