NATO-dan Türkiyəyə dəstək: Rusiyanın bombaladığı yerlərdə terrorçu yoxdur
NATO-nin baş katibi Yens Stoltenberq Rusiya hərbi təyyarəsinin vurulması məsələsində Türkiyəyə dəstək verib.
APA TV-nin məlumatına görə, ötən axşam Türkiyənin tələbi ilə NATO Şurasının növbədənkənar iclası keçirilib.
İclas təxminən bir saat davam edib. NATO-nin baş katibi Yens Stoltenberq və NATO-ya üzv ölkələrin səfirlərinin iştirakı ilə keçirilən qapalı toplantıda Türkiyə tərəfi iştirakçıları təyyarənin vurulması ilə bağlı məlumatlandırıb, təyyarənin Türkiyənin hava məkanını pozduğuna dair sübutlarını təqdim edib.
NATO-nin baş katibi Yens Stoltenberq iclasdan sonra keçirdiyi mətbuat konfransında Rusiyanın NATO sərhədləri yaxınlığındakı fəaliyyətindən narahatlıqlarını daha əvvəl ifadə etdiklərini xatırladıb: "Mən detallara varmaqda ehtiyat edərdim. Amma deyə bilərəm ki, müttəfiqlərimizdən aldığımız dəyərləndirmə Türkiyənin bu gün verdiyi məlumatlarla üst-üstə düşür".
Yens Stoltenberq bəyan edib ki, Rusiyanın hədəfində İŞİD terror təşkilatı olmalıdır. Amma Rusiyanın zərbə endirdiyi yerlərdə terrorçu yoxdur.