Ərdoğan: "Rusiyanın türkmənləri bombalamasına göz yuma bilmərik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Müəllimlər Günü münasibətilə keçirilən mərasimdə Rusiya təyyarəsinin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.
APA TV-nin məlumatına görə, Türkiyə prezidenti bildirib ki, ölkəsinin Hava Hücumundan Müdafiə Qüvvələri Türkiyənin hava məkanını pozan hərbi təyyarəni vurub və həmin an təyyarənin kimə aid olduğu məlum deyildi: "Aidiyyəti bilinməyən bir təyyarə hava məkanımıza girməzdən əvvəl 5 dəqiqə içərisində 10 dəfə xəbərdarlıq edilməsinə rəğmən, təəssüf ki, hava məkanımızı pozmağı israrla davam etdirib. Bundan sonra "F-16"larımız tərəfindən edilən müdaxilə nəticəsində iki təyyarədən biri vurulub".
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hamı Türkiyənin öz sərhədlərini qorumaq hüququna hörmətlə yanaşmalıdır. Onun sözlərinə görə, Rusiyanın həmlələr endirdiyi Bayırbucaq bölgəsində İŞİD terror qruplaşması yoxdur, orada türkmənlər yaşayır: "Burda bir şeyi vurğulamaq lazımdır. Bayırbucaq türkmənlərinin olduğu bölgə İŞİD terror təşkilatının olduğu bölgə deyil. Heç kim heç kimi aldatmasın. Orda yalnız türkmənlər var, soydaşlarımız, qohumlarımız var. "İŞİD-i vururuq" deyərək, Bayırbucaq türkmənləri vurulur".
Türkiyə prezidenti deyib ki, Bəşər Əsəd rejimi və onun dəstəkçilərinin Bayırbucaq türkmənlərinə hücum etməsinin məqsədi Əsəd rejimini qorumaqdan ibarətdir.