Bakı Beynəlxalq Sərgi-Yarmarkası açıq havada keçiriləcək

Bu gün Azərbaycan Milli Kitabxanasında sentyabrın 23-25-də keçiriləcək III Bakı Beynəlxalq Sərgi-Yarmarkasına həsr olunan mətbuat konfransı təşkil olundu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışdı: “Biz uzun fasilədən sonra nəhayət 2009-cu ildə sərgi-yarmarkanın keçirilməyinə nail olduq. Bu, nəşriyyatların geniş və səmərəli fəaliyyət göstərməyinə şərait yaratmaqla bərabər, oxucu auditoriyasının genişlənməyinə də səbəb olacaq. Builki sərgi-yarmarka açıq havada keçiriləcək və stendlər bütün nəşriyyatlara təmənnasız veriləcək”.

 

Sərgi-Yarmarkada 25 ölkədən 40 təşkilat iştirak edəcək. Üç gün ərzində nəşriyyatlar öz çap məhsullarını təqdim etmək imkanı qazanacaq. Nazir əlavə edib ki, Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə bağlı tədbirlərin, eləcə də Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclasının və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV iclası da sərgi-yarmarkanın keçirildiyi günlərə təsadüf edir.

 

Mətbuat konfransında kitab sərgi-yarmarkasının fəaliyyətini işıqlandıran  rəsmi veb səhifənin təqdimat mərasimi keçirildi. Üç dildə fəaliyyət göstərəcək sayt Azərbaycanın kitab sənəti sahəsində seçilən, ixtisaslaşan, sırf kitablarla, nəşr sənəti ilə bağlıdır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova