Qızıl oğurlayıb motosiklet aldılar, qəzaya uğradılar
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində mənzillərdən oğurluq edən şəxsləri yaxalayıb.
APA TV-nin məlumatına görə, Emil Şirinov və Rəşad Mirzəyevi bu əmələ vadar edən motosiklet sevdası olub.
Saxlanılan 16 yaşlı Emil Şirinov Rəşadı yaşadıqları ərazidə fəaliyyət göstərən dönərxanadan tanıyırmış. Onun sözlərinə görə, elə motosikleti əldə etməyin yolunu da Rəşad təklif edib: "Bir gün gəldim onun yanına. Dedim, necə eləyək ki, motosiklet alaq. Dedi ki, oğurluq edək. O pulla motosiklet ala bilərik".
Daha sonra onlar haradan oğurluq edəcəklərini planlaşdırıblar. Asan yolla nəqliyyat vasitəsi əldə etmək üçün oğurluq ideyasını irəli sürən Rəşad həm də mənzili seçib. Rəşad deyir ki, bu işdə ona Emil yardım edib: "Gəldik onların məhəlləsinə. "Otvyorka" gətirdi. Dəmirlərlə çıxdıq 5-ci mərtəbəyə. Pəncərəni açdıq, girdik içəri".
Emil Şirinov isə hadisəni belə nəql edir: "Pəncərəni açdı, girdi yataq otağına. Çarpayını, şifoneri axtardı, paltarları tökdü. Bir qutunun içindən qızıl-zinət əşyaları, 500 dollar və 800 manat pul götürdü".
Bundan sonra gənclər internet vasitəsilə motosiklet seçərək taksi ilə Bakının Biləcəri qəsəbəsinə gəliblər. Yolda cibindən qızılları çıxaran Emil taksi sürücüsünün diqqətini cəlb edib. Sürücü yeniyetməni aldadaraq, 1200 manat dəyərində olan qızıl-zinət əşyalarını onun əlindən asanlıqla alıb: "Mənə dedi ki, qızıllara baxa bilərəmmi? Dedim, baxa bilərsən. Baxdı, dedi bunun "prob"u yoxdur, qızıllar saxtadır, dəmirdir. Dedi bunların topasına 50 manat verimmi? Dedim ki, ver. 50 manata qızılları verdik, taksi sürücüsü getdi, biz də motosikletlə gəldik Xırdalana".
Arzularını reallaşdıra bilən gənclərin sevinci çox çəkməyib. Səhəri gün onlar əldə etdikləri pulun bir qismi ilə ticarət mərkəzlərindən birinə motosikletlə gediblər. Amma yolda qəzaya uğrayan gənclər gözlərini xəstəxanada açıblar. Rəşad Mirzəyevin sözlərinə görə, buna yüksək sürət səbəb olub: "Sürətimiz hardasa 110 var idi. Yanımızdan maşın keçəndə, bu idarəetməni itirdi. Maşın bizdən yol istədi, bu da yol verəndə özünü çaşdırdı, yıxıldıq. Gözümüzü açdıq ki, "Semaşko"dayıq.
Artıq 16 yaşlı Emil Şirinov və 18 yaşlı Rəşad Mirzəyevlə bağlı Abşeron Rayon Polis İdarəsində istintaq hərəkətlərinə başlanılıb.
Emil və Rəşadın digər rayonların ərazisində də mənzillərdən oğurluq etmələri istisna olunmur. Faktla bağlı araşdırmalar davam etdirilir.