YAP Cəmil Həsənli ilə bağlı MSK-ya müraciət edəcək

"İctimai TV-də ötən gün baş tutan debatda Milli Şuranın namizədinin şəxsən özü tərəfindən Azərbaycanın faktiki prezidentinin təhqir olunması ilə bağlı Yeni Azərbaycan Partiyası rəsmi şikayət məktubu hazırlayır".

 

Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, debatda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçki qanunvericiliyi, eyni zamanda insan haqları ilə bağlı digər qanunvericilikləri kobud şəkildə pozaraq YAP-ın namizədinə qarşı təhqiramiz ifadələr, şər-böhtan səsləndirib ki, buna görə də cəzasını almalıdır: “Biz bununla bağlı hazırda Mərkəzi Seçki Komissiyasına rəsmi məktub hazırlayırıq və tələb edəcəyik ki, ciddi şəkildə bu məsələ araşdırılsın təqsirkar ciddi cəzalandırılsın”.

 

YAP rəsmisi onu da xatırladıb ki, Cəmil Həsənli və “Azadlıq” qəzeti barədə qeyri-qanuni seçki təbliğatı ilə bağlı şikayət məktubları da YAP qərargahında hazırlanır və tezliklə MSK-ya, beynəlxalq təşkilatlara ünvanlanacaq.

 

Eyni zamanda Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib ki, pulsuz efir vaxtının başqa məqsədlər üçün istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət doğurur. O, bildirib ki, hazırkı məqamda onun münasibət bildirməsi heç nəyi dəyişməyəcək. ONun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası bununla bağlı hələlik mövqebildirməyib. Məsələ müzakirə olunandan sonra mövqe açıqlanacaq.

 

Müəllif | Apa.Tv