Bakıda Latviya-Azərbaycan biznes forumu keçirildi

Bu gün Bakıda Latviya-Azərbaycan biznes forumu keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə Azərbaycan tərəfdən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Latviya hökuməti adından isə İqtisadiyyat naziri Dana Reyznietsa Ozola iştirak edib.

 

Mərasimdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun sədri Rüfət Məmmədov keçirilən işgüzar görüşün ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə böyük təkan verəcəyinə ümidvar olduğunu deyib.

 

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu tədbirin hər iki ölkə arasında əlaqələrin qurulması, həmçinin investisiyaların yatırılması və ticari münasibətlərin genişləndirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

 

Latviyanın iqtisadiyyat naziri Dana Reyznetsa-Ozola isə deyib ki, bu gün Bakıda təşkil olunan Azərbaycan-Latviya biznes forumu Azərbaycanda “Latviyanı duyun” tədbirləri çərçivəsində keçirilən Latviya günlərinin bir hissəsidir.

 

Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin rəhbəri Aris Kontas son dövrlərdə hər iki ölkənin iş adamları arasında xüsusilə qida sənayesi, kənd təsərrüfatı və heyvandarlıq sahələrində sıx iqtisadi münasibətlərin formalaşdığını nəzərə çatdırıb. O, hazırda iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə hökumətlər arasında birgə iş aparıldığını da söyləyib.

 

Tədbirin davamında hər iki ölkənin iqtisadi nailiyyətlərini özündə əks etdirən təqdimatlar nümayiş olunub. Biznes forum Azərbaycan və Latviya iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi ilə davam etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv