Sumqayıtda tələbə qızın törətdiyi qətllə bağlı YENİ TƏFƏRRÜATLAR

Sumqayıt şəhərində 21 yaşlı tələbə qızın törətdiyi qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.

 

Sumqayıt şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

 

Günorta kirayədə yaşadığı evə gələn 1994-cü il təvəllüdlü Oğuz rayon sakini Şərqiyə Mehdi qızı Ramazanova ilə ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfova arasında mübahisə düşüb. Yaşlı qadın tələbə qıza iradını bildirib və anasına zəng edəcəyi ilə hədələyib. Bu zaman Şərqiyyə özündə olan bıçaqla qadına xəsarət yetirib. Aldığı xəsarətdən qadın hadisə yerində  ölüb.

 

Qonşuların dediyinə görə, tələbə qız sakit təbiətli olub. Mərhum Səmayə Nəcəfova isə deyilənə görə, yataq xəstəsi olub: "Yataq xəstəsi idi, təzə qalxıb. Qadın ailə üzvləri ilə birgə yaşayırdı".

 

Polisdən Şərqiyyə Ramazanovanın affekt vəziyyətində olduğu bildirilib. Ehtimal edilir ki, tələbə qız törətdiyi qətl hadisəsinin şokundan hələ ayılmayıb. Sumqayıt Dövlət Universitetindən isə mexanika fakültəsində təhsil alan Şərqiyyə Ramazanovanın fərqlənən tələbə olduğu və buna görə 80 manat təqaüd aldığı bildirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv