İTV-dən qalmaqallı debatla bağlı açıqlama

İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 19-da prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında baş verənlərlə bağlı açıqlama yayıb. Şirkətin mətbuat xidmətindən APA TV-ya verilən açıqlamada bildirilir ki, sentyabrın 19-da İctimai Televiziyada keçirilən Prezidentinin seçkilərində qeydə alınmış namizədlərin təşviqatına həsr edilmiş dəyirmi masada qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənli təşviqat üçün ayrılmış efir vaxtından istifadə edərək, digər həmkarına cavab verib, sonra isə əsassız şəkildə yenidən vaxt tələb edib.

 

Belə ki, Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat  üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməyib. Beləliklə, o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə edib. Sonda dəyirmi masanın müddəti proqramda nəzərdə tutulduğundan xeyli artıq çıxıb. Açıqlamada o da vurğulanıb ki, efirdə yaranmış gərginlik nəticəsində qeyri-etik ifadələrin işlənməsi İctimai Televiziyanın tamaşaçı auditoriyası tərəfindən də birmənalı şəkildə  pislənib. Bunu İTV-nin elektron poçtuna gələn məktublar və tamaşaçı və dinləyici zəngləri də təsdiqləyir.

 

İTV-dən bildirilib ki, dəyirmi masanın videoyazısı araşdırılması üçün MSK-ya göndərilib.

 

Müəllif | Apa.Tv