Qubada “Fermer Evi” istifadəyə verildi

Bu gün Quba rayonunda “Fermer Evi”nin açılış mərasimi keçirilib.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, mərasimdə kənd təsərrüfatı naziri Heydər Əsədov, nazirliyin müvafiq qurumlarının əməkdaşları, rayon rəhbərliyi, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, İsrailin ölkəmizdəki səfirliyinin nümayəndəsi və digər beynəlxalq təşkilatların rəhbərləri, fermerlər, sahibkarlar iştirak ediblər.

 

Mərasimi giriş sözü ilə açan nazir Heydər Əsədov 2015-ci ilin “Kənd təsərrüfi ili” elan olunması,  ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, həyata keçirilən institusional islahatlar, aqrar sektorda baş verən köklü dəyişikliklər, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunan qərar və sərəncamlar barədə danışıb. Nazir fermerlərə qarşılaşdıqları problemlərin həllində yardım göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Quba rayonunda Fermer Evi pilot layihəsinin həyata keçirildiyini qeyd edib.

 

Quba “Fermer Evi”nin yaradılmasında əsas məqsəd Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında  istehsalçıdan istehlakçıyadək məhsulların dəyər zənciri boyunca olan bütün proseslərində fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərin koordinasiyasını təşkil etməkdir. Eyni zamanda “Fermer Evi”ndə regionda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə kənd təsərrüfatı bitkilərinin, heyvanlarının, texnikanın, iqtisadiyyatın, o cümlədən torpağın, suyun, genetik ehtiyatların və ətraf mühitin qorunması istiqamətində ortaya çıxan problemlərin müasir texnologiyalar üzrə həlli üsullarının fermer və sahibkarlara çatdırılması, həmçinin fermer və sahibkarlara yüksək və keyfiyyətli məhsul əldə etmək üçün müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası, heyvandarlığın, o cümlədən ətlik və südlük maldarlığın və qoyunçuluğun yeni tələblər səviyyəsində inkişafı, kənd təsərrüfatı məhsulların marketinqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı əlaqəli mübarizə tədbirləri sistemi və s. üzrə məsləhət xidməti həyata keçiriləcək.

 

Fermer evində fəaliyyət göstərən təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin ediləcəklər.

 

Fermer Evinin internet portalı da mövcuddur.

Müəllif | Apa.Tv
Vəli Turan