AKP: Türkiyə Rusiya ilə düşmən dövlət deyil

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin toplantısı keçirilib.

 

APA TV-nin xəbərinə görə, baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə keçən iclasda Rusiya təyyarəsinin vurulmasından sonra yaranmış vəziyyət müzakirə edilib.

 

AKP sədrinin müavini Ömər Çelik toplantıdan sonra mətbuat konfransı keçirib. O, hakim partiyanın mövqeyini ifadə edərkən bildirib ki, iki naməlum təyyarə beş dəqiqə ərzində edilən 10-a yaxın xəbərdarlığa məhəl qoymayıb və Türkiyənin hava məkanına soxulub. Nəticədə Türkiyə Hava Hücumundan Müdafiə Qüvvələri təyyarələrdən birini vurmalı olub: "Türkiyə daha öncə açıq şəkildə elan etdiyi qaydalar çərçivəsində öz hava məkanını qoruyub, hər bir suveren və azad dövlətin etməli olduğunu edib. Bu, son dərəcə təbiidir".

 

AKP rəsmisi bəyan edib ki, Türkiyə Rusiya ilə düşmən dövlət deyil: "Türkiyə Silahlı Qüvvələri və hökuməti heç bir dost, qonşu dövlətin düşməni deyil. Görülən iş yalnız öz məkanımızı qorumaqdır. Bu çərçivədən baxdığımızda bunun "düşməncəsinə davranış", "provokasiya" və buna bənzər ifadələrlə dəyərləndirilməsini məsələnin həqiqətdən sapdırılması kimi qiymətləndiririk".

 

Ömər Çelik bildirib ki, Türkiyənin Bayırbucaq türkmənləri ilə bağlı mövqeyi dəyişməzdir: "Türkiyə və türkmənlər ayrılmaz parçadır. Münasibətləriniz süni deyil, oradakı türkmənlər canımızın bir parçasıdır".

Müəllif | Apa.Tv
Apa.tv