Merkel: "Hər bir ölkənin öz torpaqlarını qorumaq haqqı var"

Almaniya kansleri Angela Merkel Türkiyə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Rusiya bombardmançısının vurulması ilə bağlı Ankaraya dəstək verib.

 

APA TV-nin xəbərinə görə, kansler Almaniya parlamentində büdcə müzakirələrindəki çıxışı zamanı Rusiya təyyarəsinin vurulmasına da münasibət bildirib.

 

O deyib ki, Suriyadakı münaqişənin həqiqi həlli siyasi nizamlanma ola bilər: "Təbii ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması vəziyyəti ağırlaşdırdı. Gərginliyin olmaması üçün əlimizdən gələni etməliyik. Əlbəttə, hər bir ölkənin öz torpaqlarını qorumaq haqqı var".

 

Angela Merkel təyyarənin vurulduğu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə telefonda danışdığını, gərginliyin artmaması üçün mümkün olan bütün addımların atılmasını xahiş etdiyini bildirib.

 

Angela Merkel hesab edir ki, son hadisə Suriyadakı siyasi nizamlama səylərinə təsir etməməlidir.

Müəllif | Apa.Tv
Apa.tv