Dekabrda keçiriləcək Rusiya-Türkiyə sammiti ləğv olundu

Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması barədə qərar qəbul edilib.

 

APA TV-nin məlumatına görə, bu barədə “Kommersant” qəzeti Kremlə yaxın mənbələrə istinadən yazıb. Yazıda deyilir ki, Rusiya hökuməti sammitin ləğvi qərarına gəlib.

 

Qeyd edək ki, noyabrın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi gündəmdə olmasa da, tədbirin keçirilməsi bir sıra amillərdən asılı olacaq. Türkiyə Prezident Administrasiyasının nümayəndəsi isə, öz növbəsində R.T.Ərdoğanın sammitdə iştirakı perspektivlərinin qeyri-müəyyənliyini vurğulamışdı.

 

Dekabrın 15-də Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə Dövlətlərarası Komissiyasının iclasının keçiriləcəyi planlaşdırılırdı. Bu barədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Antalyada G20 sammitində razılığa gəlmişdilər.

Müəllif | Apa.Tv
Apa.tv