Qubada müharibə əlilləri və şəhid ailələrinə yeni evlər təqdim olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qubada yeni yaşayış evləri müharibə əlilləri və şəhid ailələrinə təqdim edilib.
APA TV-nin şimal bürosunun xəbərinin görə, 6 yeni fərdi yaşayış evi istifadəyə verilib. Evlə təmin olunanlardan 5-i Qarabağ müharibəsi əlili, 1-i isə şəhid ailəsidir.
Fərdi evlərin üçü Zərdabi qəsəbəsində, ikisi İkinci Nügədi, biri isə Püstəqasım kəndində inşa edilib. Tikintisinə 2015-ci ilin yanvar ayından başlanılan evlər iki və üç otaqlıdır. Mənzillər mətbəx, hamam, sanitar qovşaq, həyətyanı torpaq sahəsi təmin olunub. 2018-ci ilədək Qubada bu kateqoriyadan olan daha 55 ailə üçün də fərdi evlər tikiləcək.
Son illərdə rayonda 126 ailə fərdi ev və mənzillərlə təmin olunub.
Qeyd edək ki, bu il Tərtərdə 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilən 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub.
Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda regionlarda fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası davam etdirilir.