"Qalatasaray" Çempionlar Liqasında mübarizəni dayandırdı

Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının V turunda səfərdə Madrid "Atletiko"suna məğlub olaraq, qrupdan çıxmaq şansını itirib.

 

APA TV-nin xəbərinə görə, qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Madrid klubu oyuna hücumlarla başlayıb. "Qalatasaray"ın müdafiədəki zəifliyi çox keçmədən özünü göstərib. 13-cü dəqiqədə meydan sahibləri hesabı açıblar. Qabinin sağ cinahdan cərimə meydançasına ötürməsindən sonra İstanbul klubunun müdafiəçilərinin səhvi üzündən Qriezmann topu asanlıqla başı ilə qapıdan keçirib. İlk hissə bu hesabla başa çatıb.

 

"Atletiko" ikinci hissədə də fəal olub. "Qalatasaray"ın qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər yaradan Madrid klubu 65-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Bu dəfə də Qriezmann fərqlənib.

 

"Qalatasaray"ın heyətində yalnız qapıçı Fernando Musleranın oyunu nəzərə çarpıb. O, bir neçə təhlükəli vəziyyətdə qapısını qoldan qoruya bilib. Amma bu, oyunun nəticəsinə təsir etməyib.

 

Beləliklə, "Atletiko" "Qalatasaray" üzərində asan qələbə qazanaraq, 10 xalla qrup liderliyinə yüksəlib və "Benfika" ilə birlikdə növbəti mərhələyə vəsiqəni təmin edib.

 

Üçüncü məğlubiyyəti yaşayan "Qalatasaray" isə 4 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. İstanbul klubu son turda öz meydanında Qazaxıstan "Astana"sı ilə oyuna mübarizəni Avropa Liqasında davam etdirmək üçün çıxacaq. 

Müəllif | Apa.Tv
Apa.tv