Rusların sağ qalan pilotu: "Səs yazıları saxtadır"

Rusiyanın Suriya-Türkiyə sərhədində vurulan "Su-24" bombardmançısının xilas edilən şturmanı Konstantin Muraxtin jurnalistlərin qarşısına çıxarılıb.

 

APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumat görə, o, hazırda Xmeymim aviabazasındadır. Konstantin Muraxtin "Su-24"ün vurulma anı barədə danışıb.


"Biz həmin ərazidə bir neçə dəfə əməliyyatlar aparmışıq. Həmin hava məkanı Türkiyəyə aid deyil. Həmin əraziləri beş barmağımız kimi tanıyırıq. Hətta heç bir cihaz olmadan orada hərəkət edə bilərəm. Biz 6 min metr yüksəklikdə uçurduq, hava da açıq idi. Təyyarəmizə qəfildən endirilən raket zərbəsinə qədər hər şey qaydasında idi. Bizə heç bir xəbərdarlıq edilmədi. Yayılan səs yazısının gerçəkliklə heç bir əlaqəsi yoxdur. Biz heç Türkiyə ərazisinə də girməmişdik. Təsəvvür edin, bombardmançının sürəti hara, qırıcının sürəti hara? Biz həmin "F-16"ları heç görmədik də. Bizə xəbərdarlıq edilibsə, onları görməli idik", - deyə o bildirib.


Kapitan yüngül yaralandığını bildirib və tezliklə xidməti sıralara qayıdacağını deyib: "Mən komandirimə borclu qaldım. Onun borcunu qaytaracağam".

Müəllif | Apa.Tv
Apa.tv