İŞİD Vyanadan qaçıb gələn qızı çəkiclə öldürdü

İŞİD Vyanadan qaçıb gələrək sıralarına qoşulan qızlardan birini çəkiclə öldürüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terror təşkilatına qatılmaq üçün ötən ilin aprel ayında Vyanadan qaçan Avstriya vətəndaşları Samra Kesinoviç (17) və Sabina Səlimoviçin (16) öldürüldüyü iddia olunur.

 

Bosniya əsilli qızlardan Sabinanın döyüşdə, Samranın isə İŞİD-in paytaxt elan etdiyi Raqqadan qaçarkən öldürüldüyü bildirilir. "The Local Avusturya" Samranın ölüm xəbərini Raqqada gənc qızlarla birlikdə yaşamış və daha sonra İŞİD-dən qaçmış tunisli bir qadının ifadəsinə görə yayıb.

 

Avstriyalı qızlar Suriyaya Türkiyə vasitəsilə gediblər. Təhlükəsizlik orqanları əvvəl Ankarada, sonra isə Adanada İŞİD-ə qoşulmaq istəyən qızların izini itiriblər. Daha sonra qızlar sosial mediada Raqqada əllərində "Kalaşnikov" avtomatları ilə çəkilmiş fotolar paylaşıb.

 

İŞİD-in reklam məqsədli "afişa qızı" olaraq istifadə etdiyi gənc qızların Suriyada nələr yaşadığı və niyə qaçmağa çalışdıqları dəqiq bilinmir. Ötən il Fransanın "Paris Match" dərgisinə danışan Sabina Suriyada dinini azad yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

 

İŞİD terrorçuları bu avropalı gəncləri təbliğat məqsədilə tez-tez istifadə edib. Buna görə qızlara "afişa qızları" deyilirdi.

Müəllif | Apa.Tv
Apa.tv