Şəmkir Sərhəd Dəstəsində daha bir sərhəd zastavası istifadəyə verildi
Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazidə yerləşən daha bir sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə iştirak edən baş nazirin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev və digər qonaqlar şəxsi heyəti təbrik ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd strategiyasının uğurla realizə edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən xüsusi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması qeyd edilib, yeni istifadəyə verilən sərhəd zastavasının bu ali dövləti qayğının növbəti təzahürü olduğu vurğulanıb.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları “Dəmirtəpə” sərhəd zastavası kompleksində yaradılmış şəraitlə tanış olublar. Ən müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, xüsusi təyinatlı otaqlar, təlim şəhərcikləri, nizami meydan, idman meydançaları, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib. Sərhəd zastavasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqlarla tam təmin edilib.