Nardaranda silahlı insident zamanı 2 polis əməkdaşı ölüb - YENİLƏNİB
Bakıda xüsusi əməliyyat keçirilib. APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müqavimətlə qarşılaşıblar.
Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindən APA-ya əməliyyat keçirildiyini təsdiqləyiblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Atışma nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriliblər. APA-nın məlumatına görə, silahlı insident nəticəsində iki polis əməkdaşının həlak olduğu bildirilir. Polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar. Atışma zamanı daha bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşları da var.
Nardaranda baş verən silahlı insidentdən sonra bir qrup radikal şəxs "İmam Hüseyn" meydanına toplaşıb. APA-nın hazırda Nardaranda olam əməkdaşı xəbər verir ki, onlar qəsəbəyə aparan yollara daş tökərək bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxılmırlar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.