Qorxmaz Hüseynov Ümumdünya Su Şurasının İdarə Heyətinə üzv seçilib

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Ümumdünya Su Şurasının İdarə Heyətinə üzv qəbul edilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə "Azərsu"da keçirilən mətbuat konfransında Səhmdar Cəmiyyətin "Sukanal" Elmi-Tədqiqat Layihə İnstitutunun direktor müavini Adışirin Ələkbərov məlumat verib.

 

O deyib ki, sözügedən şura 1996-cı ildə yaradılıb. Qurumun mənzil-qərargahı Fransanın Marsel şəhərində yerləşir. O, şuranın fəaliyyət istiqamətlərindən də danışıb: "Dünya Su Şurasının başlıca fəaliyyət istiqaməti hər bir fərdin su və sanitariya ehtiyacının təmin edilməsi, su ehtiyatlarının qorunması və onlardan inteqrasiyalı şəkildə istifadə olunmasına nail olunması, ərzaq və enerji təhlükəsizliyi, eləcə də su ilə əlaqədar qarşılıqlı məsələlər və transsərhəd su problemlərinin həll olunmasından ibarətdir".

 

Qeyd olunub ki, ölkəmizin təşkilatın idarə heyətində təmsil olunması Azərbaycan üçün bir sıra perspektivlər vəd edir. Onlardan biri də qurum qarşısında ermənilərin zərərli tullantılarla çirkləndirdiyi "Sərsəng" su anbarı ətrafındakı gərgin ekoloji durumla bağlı problemin qaldırılması və erməni tərəfindən illərdir həyata keçirdiyi ekoloji terrora son qoyulmasına nail olunması məsələsidir.

 

Mətbuat Konfransında həmçinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərin suallarını cavablandırıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv