ANS 24 yaşında - REPORTAJ

Bu gün ANS telekanalının quruluş günüdür. APA TV-nin xəbərinə görə, müstəqil Azərbaycanda, eləcə də keçmiş sovet məkanında ilk müstəqil telekanal olan ANS-in yaranmasından 24 il ötür. ANS 1991-ci il noyabrın 26-da 3 jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb.

 

Vaxtilə yalnız “Xəbərçi” verilişi ilə efirə çıxan ANS Şirkətlər Qrupu bu gün böyük mediaholdinqə çevrilib. Hazırda ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı, Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, “ANS Press” Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.

 

24 illik ömür yolu olan telekanalda çalışan həmkarlarımızı təbrik üçün üz tutduq ANS Şirkətlər Qrupuna. Çəkiliş zamanı həmkarlarımız telekanalın digər bir verilişində canlı yayımda olduqlarından, fürsətdən istifadə edib həm həmkarlarımızı təbrik etdik, həm də onları canlı efirdə izləməli olduq. İlk müsahibimiz əməkdar jurnalist, tamaşaçıların efirdən, oxucuların isə imzasından yaxşı tanıdığı Ləman Ələşrəfqızı oldu. 24 yaşlı ANS-in 13 ilini onunla birgə olmaqdan qürür duyduğunu deyən həmkarımız deyir ki, seçimindən peşman deyil: "Kənardan görünə də bilər və deyirlər ki, ANS-də işləmək çox çətindir. Mən bu səmimiyyəti elə səmimi də qəbul edirəm. Doğrudan da ANS-də işləmək hər adamın hünəri deyil. ANS çətin mühitdir, amma həm də bura bizi öyrədir. Yəqin sizdə xatırlayırsınız, mən bura gələndə peşəkar jurnalist kimi gəlmişdim. Amma televiziya ilə heç bir tanışlığım yox idi. Televiziyada kadrla işləməyi öyrəndim, sözə işləməyi öyrəndim. Ən əsası, möhkəm olmağı öyrəndim. Bu mənada ANS-ə minnətdaram".

 

Aytəkin Alxaslı nə az, nə çox - düz 18 ildir ANS telekanalının əməkdaşıdır: "Burda uzun illərdir çalışmağımdan çox xoşbəxtəm. Bütün ANS-çiləri təbrik edirəm. Xalqın telekanalı olan ANS və onun yaradıcılarını təbrik edib, onlara tükənməyən uğurlar diləyirəm".

 

"24 il bir igidin ömrüdür" deyən jurnalist Afət Telmanqızının sözlərinə görə, ANS telekanalı həm də istiqlalının müjdəçisidir: "ANS mənim üçün ev olub, ailə olub, doğma iş yeri olub. Bu gün də elə olaraq qalır. Burda xoş və çətinlik çəkdiyimiz günlər də olub. Bütün bunlara baxmayaraq, ANS simasını qoruyub saxlayıb. Tamaşaçını verdiyi xəbərə inandıra bilib. Çünki tamaşaçı həmişə bizdən düzgün, qərəzsiz xəbər istəyib. Bu gün də tamaşaçı o istəyinə çatır".

 

Tamaşaçıların daha çox iqtisadi xəbərlər blokundan tanıdığı Vəfa Şəhlayinin də deməyə sözü var: "ANS-də işə başladığım vaxtdan 5 il ötür. Ona görə də bilmirəm özümü hansı kateqoriyaya aid edim. Amma ANS-in orta nəsli demək olar mənə. Bu telekanalın əsas uğuru odur ki, burda gənclərə jurnalist diplomu olmasa belə, məktəb keçməyə imkan verir. Bəlkə də bu, başqa telekanallarda mümkün deyil. Amma bu addımı gənclərə verilmiş daha bir şans kimi qiymətləndirirəm".

 

Həmkarımız İlkin Kərimovun ən böyük arzusu budur: "Bu gün ad günümüzü qeyd edirik. Ən böyük arzumuz isə Qarabağla bağlı ilk müjdəli xəbəri tamaşaçıya verməkdir. İnanıram ki, o gün yaxında olar".

 

Telekanalın gənc əməkdaşları isə peşəkarların arasında olmaqdan məmnundurlar:

 

Xanım Eynullayeva: "Burda olmağımdan məmnunam, çünki ANS ailəsində olmaq xoşbəxtlikdir".

 

Murad İlqaroğlu: "ANS məktəbi keçmiş jurnalistlərlə bir sırada çalışmaq fərqli hislər yaşadır mənə".

 

Həmkarlarımızı təbrik edib, onlardan uğurlarının bol olması arzusu ilə ayrıldıq.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı