"ASAN Xidmət" "Sənədsiz məktəbli qalmasın" adlı sosial aksiyaya başladı
"ASAN Xidmət"in təşkilatçılığı və Daxili İşlər Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzi, "Muğan Bank" ASC-nin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın" adlı sosial aksiyaya start verilib.
APA TV-nin xəbərinə görə, noyabrın 26-dan başlayaraq Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərinin binası daxilində şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi həyata keçiriləcək.
May ayına kimi davam edəcək aksiya çərçivəsində Sumqayıt şəhərində yerləşən 47 ümumtəhsil məktəbində təhsil alan 50 000-ə yaxın şagirdə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır. Sumqayıt "ASAN Xidmət" Mərkəzinin direktorunun Ramal Sabirlinin sözlərinə görə, ilk olaraq Sumqayıt şəhər 1 saylı tam orta məktəbin 1745 şagirdinə şəxsiyyət vəsiqələrinin verilməsi üçün sənəd qəbuluna başlanıb: "Bu layihə çərçivəsində biz hər bir məktəbdə qrafik üzrə ayrı-ayrı günlərdə məktəblərdə şagird sayına müvafiq olaraq 2, 3, 4 və ya 5 gün xidmət göstərəcəyik. Düşünürəm ki, artıq may ayında biz ürəklə deyə biləcəyik ki, Sumqayıt şəhərində sənədsiz məktəbli yoxdur. Ümumiyyətlə, qanunvericiliyə müvafiq olaraq 16 yaşına qədər və 16 yaşından yuxarı şəxsiyyət vəsiqələri mövcuddur. 16 yaşına qədər şəxsiyyət vəsiqələri rüsumsuzdur. 16 yaşından yuxarı isə müvafiq olaraq 1 manat və 10 manat dəyərindədir. Biz şagirdlərin təhsildən ayrılmaması, rahat operativ şəkildə əlçatan şəkildə xidmətlərdən yararlanması üçün burada olacağıq".
Bu gün həmçinin Sağlamlıq İmkanları Məhdud Xüsusi Tipli İnternat Məktəbinin 350 nəfərlik şagird heyətindən 96 nəfərinə şəxsiyyət vəsiqəsi təqdim edilib.
Qeyd edək ki, aksiyanın məqsədi şagirdlərin "ASAN Xidmət" mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.