Biləsuvarda yol polisi reyd keçirdi: 40 sürücü cəzalandırıldı

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları şəhərin mərkəzi küçələrində reyd keçiriblər.

 

APA TV-nin Cənub bürosunun məlumatına görə, yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədi daşıyan reyd zamanı yol polisinin, eləcə də teleoperatorların işinə mane olmağa cəhd göstərən sürücülərə də rast gəlinib.

 

Biləsuvar DYPB-nin rəisi Şaiq Ağayev bildirib ki, günün birinci yarısınadək 50-dən çox nəqliyyat vasitəsi saxlanılıb: "Saxlanılanlardan 6 nəfər sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə, 2 nəfər sərnişindaşıma qaydalarına riayət etmədiyinə, 6 nəfər ötmə qaydasını pozduğuna, 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, 7 nəfər nəqliyyat vasitəsini illik texniki baxışdan keçirmədiyinə, 2 nəfər isə polisin “Dayan!” əmrinə tabe olmadığına görə onların barəsində  qanunun tələblərinə uyğun şəkildə protokol tərtib edilib".

 

Bölmə rəisinin sözlərinə görə, daha 5 sürücü əvvəllər tətbiq olunmuş cəriməni ödəmədiyindən, onlara məxsus nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Günün birinci yarısına kimi ümumilikdə 40 sürücü barəsində cəza tədbiri seçilib.

 

Şaiq Ağayev belə reydlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Müəllif | Apa.Tv