Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşdü
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, hər iki nazirlik arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycanla Gürcüstanın fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsinin böyük əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.