Azərbaycan prezidenti: "İslamın terrorla əlaqələndirilməsi düzgün deyil"
Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.
ISESCO-nun Baş Konfransının XII sessiyası Qurani-Kərimdən ayənin oxunması ilə başlayıb.
Tədbirdə çıxış edən prezident İlham Əliyev ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə adlandırıb. ISESCO-nun dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrildiyini deyən dövlət başçısı qurumun son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişafında böyük uğurlara nail olduğunu bildirib. Ölkəmizin ISESCO-nun fəal üzvlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, indiyədək təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib. “ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib”, - deyən dövlətimizin başçısı bu mövqeyinə görə baş direktor Əbdüləziz Osman əl-Tuveycriyə minnətdarlığını bildirib.
Azərbaycan prezidenti son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, İslamın sülh dini olduğunu bəyan edib. Azərbaycanın islamofobiyaya qarşı mübarizə apardığını diqqətə çatdıran dövlət başçısı ölkəmizin xaricdə İslam mədəniyyətinin təbliğinə böyük önəm verdiyini, Azərbaycanın dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. “Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”, - deyən dövlət başçısı ISESCO-nun məşğul olduğu sahələrin ölkəmizdə inkişaf etdiyini, elm, təhsil və mədəniyyət sahəsində iri layihələrin həyata keçirildiyini deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, bu il tarixdə ilk dəfə Bakıda I Avropa Oyunları keçirilib. 2017-ci ildə isə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bunun təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi olduğunu deyən dövlət başçısı ölkəmizin dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına töhfə verdiyini diqqətə çatdırıb.
Çıxışının sonunda ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin xidmətlərini vurğulayan Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsində və ikitərəfli əlaqələrin inkişafında onun böyük rol oynadığını deyib və ölkəmizin yüksək dövlət mükafatlarından olan “Dostluq” ordenini ona təqdim edib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdiriblər.