MTN: Pərviz Həşimli silah qaçaqmalçılığı ilə məşğul olub

Milli Təhlükəsizlik Nazirliyini jurnalist Pərviz Həşimlinin həbsi ilə bağlı geniş məlumat yayıb. Nazirliyin ictimai əlaqələr mərkəzindən APA TV-yə verilən məlumatda bildirilir ki, xeyli sayda odlu silah və döyüş sursatının İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. 2013-cü il sentyabrın 17-də bu qanunazidd əməlin törədilməsinə görə Azərbaycan vətəndaşları - Kəlbəcər rayonunun Zar kəndində anadan olmuş Həşimov Pərviz Kamran oğlu və Gəncə şəhərində qeydiyyatda olan Qurbanov Təvəkkül Zəkəriyyə oğlu şübhəli şəxs qismində tutulublar.

 

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Müəyyən edilib ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov hazırda şəxsiyyətləri istintaqla araşdırılan İranın Rza və Hüseyn adlı vətəndaşları ilə qabaqcadan əlbir olublar, satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıblar. Rzanın tapşırığı ilə Hüseyn odlu silahları və döyüş sursatını qaçaq yolla İrandan Azərbaycana keçiribş və Biləsuvardan 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya çatdırıb, qalan 3 min ABŞ dollarını isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürüb. Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi «Volkswagen Caddy» markalı avtomobildə gizlədərək Bakıya gətirib. Keçirilən tədbirlər nəticəsində avtomaşının salonunda 6 ədəd «Makarov» tipli tapança, «Makarov» tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron, həmçinin, Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min ABŞ dollarından 2 min 800-ü də aşkar edilərək maddi sübüt kimi götürülüb. 

Müəllif | Apa.Tv