Putin: "İŞİD-in Türkiyə ilə neft alveri etməsini Antalyada Ərdoğana dedim"
"Suriyanın İŞİD-in nəzarətində olan ərazisindən neft məhsullarını daşıyan böyük maşın karvanları Türkiyəyə gedir". APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Suriyadan Türkiyəyə daşınan neft məhsullarının bu ölkə ərazisində məhv edilməsi iddiasına gəlincə, mən Antalyada keçirilən G-20 sammitində də bizim pilotların 5 min metr yüksəklikdən çəkdiyi görüntüləri təqdim etdim. Həmin görüntülərdə neftlə yüklənmiş avtomobillərin zəncirvari düzülərək üfüqi şəkildə hərəkət etdikləri açıq-aydın görünür. Bütün bunlar canlı neft kəməri kimi görünür. Burada söhbət işğal altında olan Suriya ərazisindən sənaye miqyasında neftin daşınmasından gedir. Digər ərazilərdən deyil, məhz bu ərazilərdən. Bu maşınların hara getdiyi səmadan aydın görünür. Onlar gecə-gündüz Türkiyəyə gedir", - deyə Vladimir Putin qeyd edib.
Rusiya prezidenti Türkiyə rəhbərliyinin bütün bunlardan xəbərsiz olmasının inandırıcı olmadığını söyləyib: "Əgər xəbərləri yoxdursa belə, qoy indi xəbərləri olsun. İŞİD Suriyadan nefti Türkiyəyə daşıyır".