Bakıda daha bir küçədə təmir-tikinti işləri aparılır
Nizami rayonunda daha bir küçədə təmir-tikinti işlərinə başlanılıb. “Azəryolservis” ASC-dən APA TV-yə verilən xəbərə görə, təmir-tikinti işləri Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır.
Təmir işlərinin aparıldığı ərzinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir. Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənəcək, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürüləcək.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enind yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 1800 paqon metrə yaxın yeni səki daşları düzülür.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənəcək. İkiqat olmaqla 14 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirməsi işləri də aparılacaq. Genişləndirmə işləri nəticəsində yolun hərəkət hissəsinin 5 metrə yaxın genişləndiriləcək.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılır. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.