II Türkmən Fətih briqadasının komandiri Əli Şəhərli APA TV-yə danışdı: “Qızıldağı geri aldıq” - EKSKLÜZİV
“Türkməndağı bölgəsində durum yaxşıdır. Atışma hələ davam edir. Bizim türkmən əsgərləri irəliləyirlər. Qoy bütün dünya bundan xəbərdar olsun”. Bu açıqlamanı APA TV-yə Türkməndağı bölgəsində türkmən silahlı birləşmələrinin tabe olduğu 2-ci Fətih briqadasının komandiri Əli Şəhərli verib.
Onun sözlərinə görə, türkmənlər kəndlərini, torpaqlarını terrorçulardan geri alana kimi mücadiləni davam etdirəcəklər:
“Türkmənlər susmayacaqlar. Kəndlərini, torpaqlarını geri alacaqlar. Döyüşlər gedir. Türkmənlər irəliləyir. Hadisələr bizim xeyrimizə dəyişir. Qızıldağ dünən təslim olmuşdu. Bu gün yenidən dağı geri aldıq. İki tankı qənimət götürmüşük. Hazırda vəziyyət normaldır. Çətinliyimiz yoxdur”.
Əli Şəhərli vurulmuş təyyarənin pilotlarının Rusiyaya verilməsi üçün tələblər irəli sürdüklərini deyib: “Əsirlikdə çoxlu silah yoldaşımız var. Əsir götürülmüş qadınlarımız var. Pilotların əvəzinə onların azad edilməsini istəyirik”.
Türkmən komandan bölgədə mülki insanların vəziyyətinin həddən artıq ağır olduğunu deyib: “Mülki şəxslərin vəziyyəti pisdir. Evləri, kəndləri buraxıb meşələrdə gizləniblər. Türkiyə sağ olsun, çadırlar qurub, köç edən insanlarımız çadırlarda yaşayır”.
Əli Şəhərlinin sözlərinə görə, Suriyada Əsədin ordusu tam məğlub durumdadır: “Biz Əsədin ordusu ilə döyüşmürük. Biz İran və Rusiya ilə döyüşürük. Əsədin ordusu yoxdur, bitib. Hazırda rus təyyarələri ərazini bombalamır, ancaq dənizdən raket atırlar. Dənizdən atırlar, tanklardan atırlar, ağır silahlardan atırlar. Quruda isə İrandan, Livandan gələn muzdlular, Hizbullah bizi vurur. Eybi yox, qoy gəlsinlər”.
Türkmən komandir yerli əhalinin torpaqlarına sonadək sahib çıxacağını deyib: “Bir türkmən belə öz kəndini buraxıb qaçmayacaq. Rusiya İŞİD-i vurmaq adı ilə Əsəd güclərinə dəstək verir. Türkməndağında İŞİD yoxdur. Bunu bütün dünya bilir. Media olaraq gəlin bura, görün. Burada yaşayanlar hamısı türkməndir. Hamısı namusuna, torpağına, kəndinə sahib çıxır”.
2-ci Fətih briqadasının komandiri bildirib ki, Suriyada heç bir millət Əsəd hakimiyyətini istəmir: “Əsəd bitib. Buranın xalqı, milləti Əsədi istəmir. Türkmən olsun, ərəb olsun, kürd olsun, heç kimi Əsədi istəmir”.