Hacıqabulda ər əvvəlcə arvadını, sonra özünü güllələdi - AİLƏ FACİƏSİ
Hacıqabul rayonunda dəhşətli qətl hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9.00 radələrində Hacıqabul şəhəri, Əlağa Vahid küçəsi-166 ünvanında qeydə alınıb.
1953-cü il təvəllüdlü rayon sakini Əflan Gəncəli oğlu Hüseynov həyat yoldaşı, 1959-cu il təvəllüdlü Almaz Sabir qızı Hüseynovaya arxa tərəfdən ürək və ağ ciyər nahiyələrindən ov tüfəngi ilə vuraraq qətlə yetirib.
Bundan sonra Əflan Hüseynov özünü də güllələyərək öldürüb. Hacıqabul Rayon Prokurorluğunun müstəntiqi bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Qətlin hansı səbəbdən baş verdiyi istintaqın gedişində aydınlaşacaq və təfərrüatı barədə rəsmi açıqlama veriləcək.
Qohumların bildirdiyinə görə, Əflan Hüseynov mütəmadi olaraq spirtli içki qəbul edir, psixoloji durumunda qeyri-adekvat hərəkətlər müşahidə edilirmiş. Bu səbəbdən tez-tez evdə qalmaqal və dava-dalaş yaradırmış.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.