Nardaranda həlak olan polis əməkdaşları dəfn edildi

Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları dəfn edilib.

 

APA TV-nin məlumatına görə, həlak olan polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda torpağa tapşırılıb. 

 

Qəhrəmancasına həlak olmuş polislərin dəfn mərasimində Azərbaycanın dövlət himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb.

 

Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, milli təhlükəsizlik nazirinin I müavini Mədət Quliyev və Daxili İşlər Nazirliyinin digər yüksək rütbəli şəxsləri iştirak edib.

 

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Daxili İşlər Nazirliyinin əməkdaşları - polis serjantı Vüqar Əyyub oğlu Nəsibova (ölümündən sonra), polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevə (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər.

 

Həlak olan polis əməkdaşı İsmayıl Tağıyev idman ictimaiyyətinə tanış sima olub. 38 yaşlı İsmayıl Tağıyev sabiq ağır atlet, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı olub. O, 2012-ci il Lənkəran Olimpiya Kompleksində keçirilən veteran ağır atletlər arasında Avropa çempionatında 105 kq çəki dərəcəsində qızıl medal qazanıb. Ailəli idi. İki oğlu, bir qızı var. Kiçik oğlu cəmi 2 həftə əvvəl dünyaya gəlib.

 

Digər polis əməkdaşı Vüqar Nəsibov isə vaxtilə uşu-sanda idman növü üzrə dünya çempionu olub. O, 2012-ci ildə İtaliyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı