Çavuşoğlu: "Nardaranda baş verənlər terrordur"
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
APA TV-nin məlumatına görə, görüş əvvəlcə ikitərəfli, daha sonra geniş tərkiblə baş tutub.
Daha sonra keçirilən mətbuat konfransda E.Məmmədyarov bildirib ki, görüş zamanı bəzi ikitərəfli məsələlərə toxunulub. O, türkiyəli həmkarına Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların son durumu barədə məlumat verib.
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşasının uğurla həyata keçirildiyini deyən E.Məmmədyarov ilin sonunadək 3 ölkənin xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılığın əldə olunduğunu bildirib.
“Dünən Azərbaycanda baş verən terror hadisəsində iki polisin ölümü ilə bağlı Azərbaycana başsağlığı veririk”. Bu sözləri isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, hər zaman hökumət qurulduqdan sonra ilk xarici rəsmi səfərlərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana etdiklərini xatırladıb. Nazir Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlərin mükəmməl səviyyədə olduğunu vurğulayıb.
Qeyd edək ki, M. Çavuşoğlunun Azərbaycana səfəri başa çatıb.