Elmir Vəlizadə: "Noyabrın 16-da baş verən internet kəsintisi hansısa təxribatla bağlı olmayıb"

“Noyabrın 16-da Azərbaycanda baş verən internet kəsintisi ilə bağlı lazımi addımlar atılıb və bu gün Azərbaycanda stabil internet yayımı mövcuddur. Bütün işlər görülüb ki, bir daha belə hadisə baş verməsin”.

 

APA TV-nin xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib: "Aparılmış və davam edən işlər nəticəsində Azərbaycanda internet şəbəkəsinin dayanıqlığı, keyfiyyətli xidmətlərin göstərilməsi daha yüksək səviyyəyə qalxacaq, bir daha belə hallar baş verməyəcək. Araşdırmalar göstərdi ki, internet kəsintisi sırf texniki problemlə bağlı olub, hansısa qəsd, yaxud təxribat hadisəsi aşkarlanmayıb. Bunu birmənalı demək olar". 

 

Azərbaycanda noyabrın 20-dən dekabrın 20-dək keçirilən “Yüksək rabitə xidmətləri aylığı” çərçivəsində vətəndaşlara güzəştli şərtlərlə göstəriləcək rabitə xidmətlərinin siyahısı açıqlanıb. Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, mənzilinə iki telefon çəkdirmək istəyən vətəndaşlara ikinci çəkiliş pulsuz həyata keçiriləcək: "Əgər təşkilatlar telefon çəkdirmək istəyirsə, 3 telefon xətti çəkiləcəyi halda, 1-i pulsuz çəkiləcək".

 

Nazir müavini qeyd edib ki, İP TV çəkilişi və digər xidmətlər göstərildiyi zaman müəyyən ödənişlərin olmaması nəzərdə tutulur. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova